Direktor

İlham Səlim oğlu Qaraqurbanlı

Geri

İlham Səlim oğlu Qaraqurbanlı 1958-ci il sentyabr ayının 16-da Ermənistan SSR, Kalino rayonu, Qızılşəfəq kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakultəsinə daxil olmuşdur.

1984-1996-cı illərdə AMEA-nın Radiasiya Tədqiqatları Bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir.

1985-1989-cu illərdə keçmiş SSR EA-nın Kimyəvi-fizika Elmi-Tədqiqat İnstitutunun aspiranturasını qiyabi bitirərək “Bioloji obyektlərdə qeyri-hem dəmiri və azot oksidinin qarşılıqlı əlaqəsi” mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru  elmi dərəcəsi almışdır. Onun apardığı  bu tədqiqat işinin nəticələri 1988-ci ildə Respublika Lenin Komsomolu mükafatına layiq görülmüşdür.

İ.S.Qaraqurbanlı 1996-1999-cu illərdə Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər Elmi İstehsalat Birliyində baş direktorun istehsalat üzrə müavini və eyni zamanda Quba YTT-nin Aqrar İslahat Komissiyasının sədri, 2001-2013-cü il may ayının 23-nə kimi Quba Regional Aqrar Elm Mərkəzinin (indiki Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi) direktoru vəzifələrində işləmiş, 2013-cü ilin may ayından hal-hazıra kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində işləyir. 2017-2019-cu illərdə İFAD təşkilatının Azərbaycanda həyata keçirdiyi “Şimal Şərq Layihəsi”nin kənd təsərrüfatının inkişafı komponentinə rəhbərlik etmişdir.

İ.S.Qaraqurbanlı 70 elmi məqalə, bir monoqrafiya, 3 Rusiya Federasiyası patenti, 30-dan çox fermerlər üçün tədris vəsaitinin müəllifidir.

Onun rəhbərliyi altında Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, eləcə də onun hazırda rəhbərlik etdiyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu elmi yeniliklərin nümayişi və tətbiqi mərkəzlərinə çevrilmişdir. Belə ki, fəaliyətinin ilk günlərindən başlayaraq aqrar sahədə əldə edilmiş elmi nailiyyətləri nümayiş-təcrübə sahələri və sərgi əkinləri vasitəsilə bölgədə fəaliyyət göstərən fermer və torpaq mülkiyyətçilərinə çatdırmaqla yanaşı, onların maarifləndirilməsi və keyfiyyətli əkin materialı ilə təminatına köməklik göstərmişdir. Bundan əlavə mütərəqqi becərmə texnologiyalarını gətirilərək, onların fermer təsərrüfatlarına ötürməklə meyvəçiliyin əsası olan tingçiliyin elmi əsaslarla inkişaf etdirilməsini həyata keçirmişdir.

Bağla